AXCP
Xbrlr “AXCP əzilənin yanında və zülmün qarşısında olacaq”
“AXCP əzilənin yanında və zülmün qarşısında olacaq”

Razi Nurullayev: “Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz”\\ \\“AXCP-yə axın çoxalacaq”\\AXCP-nin Etimad Qurultayı tarixə çevrildi. Cəbhəçilərin

Razi Nurullayev: “Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz”\\ \\“AXCP-yə axın çoxalacaq”\\AXCP-nin Etimad Qurultayı tarixə çevrildi. Cəbhəçilərin yüksək fəallığı ilə keçən izdihamlı qurultay cəmiyyətə bir sıra mesajları və demokratiyaya verdiyi töhfələrlə yadda qaldı. Cəbhəçilər  Əli Kərimlinin partiyanı saldığı siyasi dalandan çıxara, xalqın  müxalifətə olan inamını, etimadını bərpa edə biləcəkmi? Bu və digər suallarla bağlı AXCP sədri Razi Nurulayevin fikirlərini öyrəndik. Razi bəy cəbhəçilərin 18 oktyabrda yeni tarix yazdığını deyir:\\- Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı artıq bir tarixə çevrildi, biz AXCP-ni yenidən qurmuş olduq. Daha doğrusu onun saflığını, səmimiyyətini özünə qaytardıq. Təbii ki, ictimai rəy bunu qəbul etdi, çoxsaylı təbriklər aldıq. İnsanlar 15-20 il bundan öncəki siyasi ab-havanı qaytardığımıza görə də bizə təşəkkür etdilər. Ona görə də demək istəyirəm ki, biz, yeni bir tarix yazdıq deməklə heç də mübaliğəyə yol vermədik. Bu yeni tarix inşallah yaxın zamanlarda da özünün məntiqi sonluğuna çatacaq. Güclü bir partiya ortaya qoyacağıq və köhnə hərəkatçıları, cəbhəçiləri də öz yanımızda görmək istəyirik. Bu prosesin ardı kimi artıq Əli Kərimlinin yanında qalan digər saf cəbhəçilər də gəlib bizə qoşulacaqlar.\\ \\- Xalqın müxalifətə, o cümlədən AXCP-yə itən etimadını bərpa etmək mümkün olacaqmı?\\- Təbii ki, Əli Kərimli dönəmindən sonra AXCP-nin nüfuzu çox zəifləyib. Onun nüfuzuna, siyasətinə çox ciddi zərbə dəyib. Apardığımız siyasət müəyyən mənada Əli Kərimlinin apardığı yarıtmaz siyasətin yaratdığı fəsadların aradan qaldırılmasına, düzgün siyasətin bərpasına yönəlib. Uğurlarımız da kifayət qədərdir. 2 ay ərzində 1200 nəfərdən artıq insanın iştirakı ilə keçirilən qurultay cəmiyyət üçün çox ciddi bir mesaj oldu. Çünki indiki zamanda 10 nəfər insanı bir yerə yığıb tədbir keçirə bilməyən partiyalar var.  Bu baxımdan hesab edirəm ki, cəmiyyətin elə ilk gündən etimad qurultayına münasibəti yaxşı oldu və qurultay zamanı da bu, özünü büruzə verdi. Qurultayda gözü yaşaran insanlar var idi. Mən, hesab edirəm ki, bizim işlərimiz, səmimiyyətimiz, insanlarla təmasımız artdıqca, AXCP-yə axın çoxalacaq və onun nüfuzu da özünə qayıdacaq. Çünki biz, məhz Rəsulzadə-Elçibəy ideyaları, məfkurəsi üzərində AXCP-ni yenidən şəkilləndirmək niyyətimizi bəyan etmişik və bu yöndə iş gedir.\\ \\- Milli Şura fəaliyyətə başlayanda bu qurum Rusiyanın bir layihəsi kimi təqdim olundu. Əli Kərimlinin də burada təmsil olunması AXCP-nin Qərbdən üz çevirib Rusiyameylli siyasət yürütməsi kimi fikri gücləndirdi. Azərbaycan xalqının böyük əksriyyətini Qərbyönümlü  olmasını nəzərə alsaq, bu addım xalqda AXCP-yə olan etimadı daha da zəiflətdi...\\-Təbii ki, Milli Şuranın Rusiyameylli olması bu təşkilatın üzərinə qoyuldu. Mən, bununla bağlı qəti bir fikir söyləmək istəmirəm. Sadəcə onu bilirəm ki, Milli Şura istər qərbpərəst, istərsə də Rusiyapərəst olsun heç bir fərq etməz. Əgər orada Əli Kərimli varsa, onda heç bir inkişafdan söhbət gedə bilməz. Çünki Əli Kərimli olan yerdə ancaq intriqa, dedi-qodu və başqalarını ləkələmək cəhdləri var. Bu baxımdan mən, düşünürəm ki, Milli Şuranın taleyi elə Əli Kərimli ora gələn gündən bəlli olmalı idi. Milli Şura və Əli Kərimlinin təmsil etdiyi qanad da, hər zaman qərbyönümlü siyasət yürütməyi bəyan ediblər, amma bu istiqamətdə konkret heç bir əməl yoxdur. Yalnız bəyanatlar verməklə kifayətləniblər. Amma AXCP-nin tarixində ilk dəfə olaraq biz o cəsarəti tapdıq və partiyanın nizamnaməsinə dəyişiklik etdik. Dəyişiklik də Avrointeqrasiya ilə bağlıdır. Biz ora Avrointqerasiya ilə bağlı müddəa əlavə etdik. Artıq Avropaya inteqrasiya, Azərbaycanın qərbyönümlü olması, Qərblə dostluğumuz  AXCP-nin nizamnamə tələbidir. Amma Əli Kərimli bu cəsarəti özündə tapmamışdı.\\ \\- Digər partiyalarla müttəfiqlik məsələsinə necə baxırsınız. AXCP hansı partiyalarla əməkdaşlıq etmək niyyətindədir? Bundan sonra koalisiyalar, bloklar yaranarsa orada təmsil olunmaq planları varmı?\\- Təbii, biz hesab edirik ki, hazırda Azərbaycanda ən güclü siyasi qurumlardan biriyik, bəlkə də ilkiyik. Bu baxımdan, biz özümüz də müəyyən siyasi bloklar yaratmaqla bağlı danışıqlar aparacağıq. Azərbaycanın inkişafına, ölkənin işıqlı gələcəyinə yönəlik bütün siyasi addımları dəstəkləyəcəyik. Bizdən kənarda yaranmış və Azərbaycanın gələcəyini düşünən, dövlətçiliyimizə, Azərbaycan insanına xidmət edə biləcək siyasi qurumlara qoşula və əməkdaşlıq edə bilərik. Hazırda bununla bağlı rəhbərlkdə danışıqlar gedir. Bu məsələ ilə bağlı bu il və gələn il ciddi qəraralar qəbul olunacaq.\\ \\- Partiyanın mitinqlərə münasibəti necədir? Bundan sonra ölkədə yaranmış hər hansı bir durumla bağlı mitinqlər təşkil etməyi düşünürsünüzmü?\\- Biz, ümumiyyətlə yalançı qəhrəmanlığın əleyhinəyik. Hazırda işləyirik, bütün haqsızlıqlara və ədalətsizliyə qarşıyıq və qarşı olacağıq. Hər zaman əzilənin yanında və zülmün qarşısındayıq. Amma bununla bərabər göstəri, şou xatirinə heç bir mitinqdə iştirak etmək və elə bir mitinq düzənləmək fikrində deyilik. Xalqla işləyirik və xalqın müqavimət hərəkatını yaratmaq niyyətindəyik. Biz, buna hazır olan zaman və xalqın bizə, həmçinin siyasi proseslərə inamını bərpa edəndən, xalqın müqavimət hərəkatında iştirakına əmin olandan sonra təbii ki, siyasi aksiyalara başlayacağıq. İddiamız böyükdür. Biz, Azərbaycanda hakimiyyət dəyişikliyi və normal iqtidarın olmasını istəyirik. Azərbaycanda hakimiyyətin bir partiyanın monopoliyasından çıxarılmasında maraqlıyıq və bunda israrlıyıq. Bu baxımdan təbii ki, biz, zaman-zaman gücləndikcə, bu məsələlər öz yerini tapacaq. Hədəflərimizi də bəlli və aydın şəkildə xalqa çatdıracağıq.\\ \\- Parlament seçkilərindən sonra ölkənin əsas siyasi hadisəsi prezident seçkiləri olacaq. Bu proseslə bağlı planlarınız necədi, AXCP prezident seçkilərinə qatılacaqmı?\\- Biz  çox gözəl start götürmüşük. Bu gün siyasətin ölü, məhv olmuş bir zamanında 1200 nəfərdən artıq insanla, cəbhəçilərlə möhtəşəm, səsli-küylü bir qurultay keçirə bildiksə, təbii ki iddialı olmalıyıq və 2018-ci ili Azərbaycanda dəyişiklik ili kimi də qələmə vermək niyyətindəyik. Təbii ki, Prezident seçkisinə qatılacağıq. Düşünürəm ki, 2018-ci ilə qədər xalqın qırılmış inamını bərpa edərək, güclü formada qatılacağımız prezident seçkilərində xalqımıza sürpriz edəcəyik.\\ \\- Ölkədəki son durum və siyasi proseslərə münasibətiniz necədir?\\- Təbii ki, hazırda ölkədə çox ciddi siyasi proseslər baş verir. Son zamanlar iqtidar dairəsində atılan addımlar, milli təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi, bununla bərabər bir çox insanın həbs olunması, iqtisadiyyat sahəsində ciddi problemlərin olması, bankların çökmə mərhələsinə gəlib çatması, büdcədə kifayət qədər çatışmazlıqların meydana gəlməsi, ölkədə maliyyə qıtlığı və.s siyasi-iqtisadi problemlərin carçısıdır. Bunlar da illərlə yığılan problemlərdir. Hazırki iqtidar bu problemlərə göz yumub, vaxtında həll etməyib. Eyni zamanda bu hakim qüvvənin kifayət qədər zəiflədiyinin göstəricisidir. Bu, kifayət qədər problemli idarəetmənin təzahürüdür. Bu baxımdan biz bu məsələləri çox yaxından izləyirik və hesab edirik ki, ölkədə çox ciddi siyasi islahatlara ehtiyac var ki, iqtisadi islahatların da həyata keçirilməsi mümkün olsun. Bu gün İlham Əliyev müəyyən iqtisadi problemlərin həllinə çalışır. Amma bütün bu iqtisadi problemlərin arxasında siyasi problemlər dayanır. Ona görə də, birinci islahatlar siyasi sahədə həyata keçirilməlidir ki, iqtisadi sahədə problemlər də həll olunsun. Biz, gözləyirik ki, Azərbaycan iqtisadiyyatını, siyasətini bu günə salanlar məsuliyyətə cəlb edilsinlər.