Qarabağ
Müstəqil Azərbaycan Respublikası qarşısında duran ən ciddi problem Qarabağ münaqişəsi və dövlət ərazimizin 20 faizinin işğal olunmasıdır. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar, ictimai təşkilatlar, dövlət hakimiyyəti problemin həll olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün fəaliyyət göstərir. AXCP Bərpa Qurultayının Təşkilat Komitəsi olaraq bu məsələ ilə bağlı konseptual mövqeyimizi təqdim edirik:
- Azərbaycan-Ermənistan münaqişəsinin tarixi
1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: “Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin”.
Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazax rayonunun bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km. ərazisi Ermənistana verilmişdir.
1923-cü il, 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması” haqqında fərmanı qəbul edildi; eyni zamanda, Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət verilmədi.
1948-1953 illərdə Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşayıb və bu da azərbaycanlıların Ermənistandan kütləvi deportasiyaları ilə nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı rayonlarına köçürülüb.
1987-ci il, 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı.
Noyabr-dekabr – İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü.
1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı.
1989-cu ilin 29 iyul tarixində Azərbaycandan Ermənistana gedən dəmiryol xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlandı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən təcrid edilməsi başlandı.
1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi və Qarabağ müharibəsi başlandı.
- Məğlubiyyətin səbəbləri
Torpaqlarımızın işğalı ilə bitən Birinci Qarabağ müharibəsində atəşkəsin imzalanmasından 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan gələcək nəsillər üçün nəticələr çıxaraq.
- a) Məğlubiyyətin sırf hərbi səbəbləri:
– Bütün müharibə boyu döyüşün yalnız bir stilinə – güc stilinə üstünlük verilib, qalan digər bütün stillərinə – o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir əhəmiyyət verilməməsi;
– Rotaların komplektləşdirilməsi işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən (!) əhəmiyyət verilməməsi. Məsələn, artilleriya divizionunda 10-a yaxın tankçı olduğu halda, tank botolyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş “StroyBat”-çılardan təşkil olunurdu. Eyni ilə qonşu piyada botolyonunda onlarla tankçı, topçu və s. üzrə mütəxəssislər xidmət edirdi;
4) Tarixi, müharibə anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa – təxliyyəyə (evakuasiyaya) heç bir əhəmiyyət verilməməsi, əksinə, kəndlərdə təxliyyə əməliyyatı aparmaq istəyənləri “təxribatçı” kimi yaxalayıb, “camaat arasında panika yaydığına”, “kəndləri boşaltmağa cəhd etdiyinə” və s. görə həbs edilməsi. Məhz həmin səbəbdən atəşkəs elan edilən vaxt qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (onun da əksəriyyəti mülki vətəndaş, o cümlədən, xəstələr, qocalar, qadınlar, uşaqlar və b. idi) qaldığı halda, qarşı tərəfin Azərbaycanda cəmisi 27 əsiri qalmışdı..
5) Qoşunların taktiki və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi, başqa sözlə, həm hücum, həm də müdafiə (səngərdə növbətçilik) əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli batolyonlar həyata keçirdiyi halda, hücum əməliyyatları – döyüş stili həmişə dərhal seçilən, əskərlər arasında “smertniklər botolyonu” adı ilə tanınan, xalis muzdlulardan təşkil edilmiş xüsusi təyinatlı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi. Ayrı-ayrı zonalarda (Ağdam, Füzuli və s.) irəliləmək lazım olanda, bu bir diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kəndlər yerli batolyonlara təhvil verilib, geri qayıdılırdı;
6) Batolyonların komplektləşdirilməsi işində döyüş gedən ərazinin coğrafi xüsusiyyətlərinin nəzərə alınmaması və s.
- b) Məğlubiyyətin qeyri-hərbi səbəbləri:
1) Azərbaycanda marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etməsi (dövlətlər səviyyəsində əks tərəfə edilən maliyyələşdirmədən tutmuş, müharibə planının senariləşdirilməsinə qədər metodlarla – təbii ki, məxfi planlar və kanallar üzrə);
2) Erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması, və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız, şok vəziyyətində aparması;
3) İlkin mərhələdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam gətirə biləcək hakimiyyət aparatının və ya vahid liderin olmaması;
4) Azərbaycanda hərbi sənaye inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesindən asılı vəziyyətə düşməsi;
5) Müharibə ərzində döyüşlərin gedişatını analiz və proqnoz edən, senariləşdirən institutların olmaması, silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alimlərin cəlb edilməməsi (təkcə İkinci Dünya Müharibəsi ərzində “Katyuşadan” tutmuş atom bombasına qədər silahlar icad olunmuşdu);
6) Müharibənin Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi, başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedə-gedə “sıfır”dan başlanıb qurulması;
7) “Neft kontraktları”nın imzalanmasının yubadılması.
- Problemin həlli yolları
Səbəb çox, nəticə isə birdir – məğlubiyyət. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə almadıqda, səhv nəticələr alına bilər. Və təəssüf ki, bugünə qədər də bu məsələdə marağı olan müxtəlif tərəflər problemin həlli ilə əlaqədar orientasiyaları çaşdırmaqdadırlar və vaxtı ilə buraxılan səhvlər problemin bu mərhələsində də, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə də, Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq üçün indiyə qədər onlarla variantlardan istifadə etsə də, indiyə qədər bu cəhdlərin hamısı, demək olar ki, nəticəsiz qalıb. Görülən tədbirlər heç bir bəhrə vermir. Aşağıda bu və digər faktorları da nəzərə almaqla, bu problemin cəmi mümkün həlli variantlarını formulə etməyə cəhd edirik:
- a) HÜQUQİ baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son iyirmi illik təcrübəsi qədərincə isbatlayıb. Beynəlxalq təşkilatlar problemin həllində üç prinsipi əsas tutur: “Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”. Bu üç prinsipin birlikdə tətbiq edilməsi cəhdinin nə demək olduğunu nəzərdən keçirək.
Əvvəla, “Ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə haqqı” prinsiplərinin eyni zamanda, ayrlmadan Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verə bilərmi sualına cavab verək. Qəti əminik var ki, bu sualın cavabı mənfidir! Birinci, ermənilər artıq bir dəfə, Azərbaycanın əzəli torpaqlarında öz müqəddəratını həll edib (?) faşist təbiətli, oyuncaq Ermənistan “dövlətini” yaradıblar.
İkinci, tarixdən az-çox xəbəri olan hər kəs bilir ki, ermənilər Azərbaycanın əzəli və əbədi ərazisi olan Dağlıq Qarabağa gəlmədirlər. Dünyada elə bir nümunə varmı ki, gəlmə millət yeni məskunlaşdığı, ona heç bir aidiyyatı olmayan ərazilərdə özünün iki dövlətini yaratsın? Başqa sözlə, qeyd edilən iki prinsipin birlikdə tətbiqi cəhdi əslində münaqişənin həllinə mane olmaq istəyindən başqa bir şey deyil və bu üçüncü -“güc tətbiqindən imtina”- prisipinin ortaya atılması ilə “möhkəmləndirilir”!
Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə də, qanunların özü də gücə tabedir. Təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir. Qanunlar heç vaxt gücü olmayan tərəfi haqlı çıxarmır – hətta dünyanın ən ədalətli dövlətlərində və ya beynəlxalq tribunallarda belə. Məhkəmə səviyyəsinə çıxarılmamış mübahisələrin özlərində də hamının nəzərində lap əvvəldən güclü tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq məğlub tərəfdir.
- b) SİYASİ yolla bu problemin həllinin iki variantı mümkündür:
Birinci halda – güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər.
İkinci variant siyasət – bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütbləri arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana bilməsindən asılıdır.
Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq gərəkdir ki, Qarabağ – bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın) buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir.
3) HƏRBİ yolla Qarabağ probleminin həlli variantı – bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız çox məhdud olan şərtlər çərçivəsində mümkündür. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında gedən danışıqların təhlili göstərir ki, bu münaqişənin sülh yolu ilə həllinin yalnız bir yolu var. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razı olmaq. Azərbaycan heç zaman bununla razılaşa bilməz!!! Deməli bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin bir yolu qalır-hərb yolu!
Beynəlxalq gücləri təmsil edən Qərbin xristian dövlətləri, eləcə də Rusiya, öz torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlar keçirməsinə imkan verməzlər. Ancaq çıxış yolu var. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün lokal müharibələr yolunu seçə bilər. Bir-iki belə əməliyyatların həyata keçirilməsi ermənilərə və onların havadarlarına “duş effekti” verəcək.
Qarabağ problemində, faktiki olaraq bu faktorların hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii gedişatın nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər.








