AXCP
Xəbərlər AXCP sədrindən müxalifətə birlik təklifi
AXCP sədrindən müxalifətə birlik təklifi

“Ümumi işin xeyrinə olan birliklərdə iddiasız və ön şərtsiz iştiraka hazırıq”\\“Müxalifət düşərgəsində "mən-mən" ab-havasından, özünə vurğunluqdan, bir-birini tanımaq və tanımamaq

“Ümumi işin xeyrinə olan birliklərdə iddiasız və ön şərtsiz iştiraka hazırıq”\\“Müxalifət düşərgəsində "mən-mən" ab-havasından, özünə vurğunluqdan, bir-birini tanımaq və tanımamaq iddiasından geri çəkilməkdə fayda var. Təbii ki, elə məqamlar və elə adamlar var ki, onların ümumi işə ziyan vuracağı qənaətindən qaça bilmirsən. Bizim AXCP ilə bağlı vəziyyətimiz kimi. Ümumiyyətlə isə, ölkədə kifayət qədər ciddi partiyalar və siyasətçilər var ki, birləşərək ölkənin siyasi həyatına əsaslı təsir göstərə bilərlər”.\\Cebhe.info xəbər verir ki, bunun AXCP sədri Razi Nurullayev deyib.\\Partiya sədrinin sözlərinə görə, rəhbərlik etdiyi AXCP ümumi işin xeyrinə olan birliklərdə iddiasız və ön şərtsiz iştirak etməyə hazırdır:\\“Bu gün əhalinin böyük bir hissəsi siyasi prosesləri izləsə də, iştirak etmir. Onlar üçün siyasi partiyalar etibarını itirmiş qurumlardır. Çünki bir çox partiya və siyasətçilər gücündən artıq danışmaq və bəyanatlar səsləndirmək, hədələr dilə gətirmək, qarşısındakını aşağılamaq, hörmətdən salmaq, başqa siyasətçinin gördüyü xeyirli işin də təkərinə çomaq soxmaq yolunu tutur. Bəlkə də bu, qısqanclıq ucbatından, gözügötürməzlikdən irəli gəlir. Halbuki Azərbaycan siyasətində o qədər boşluqlar var ki, hələ səhnədə olan siyasətçilər qədər də insana yer var. Heç kim heç kimin yerini dar etmir. Əslində burada ciddi bir səbəb də var və bu qısqanclıq hissi də elə buradan başlayır. Əksər siyasi partiyaların nizamnaməsi, məramı və məqsədləri çox oxşardır. İdeoloji xətləri yox səviyyəsindədir.\\Öz adımdan deyə bilərəm ki, biz kifayət qədər dəyişiklik yaratmaq yolunu tutmuşuq və təcrübəmizi istənilən dost partiya ilə bölüşməyə hazırıq. Onlara dəstək olmağa da gücümüzü səfərbər edə bilərik. Sonunda qoy cəmiyyətimiz, insanlarımız və güclü olan qazansın. Azərbaycan siyasi həyatı üçün 5-6 ciddi ideoloji xətt üçün məkan və yer var. Ən azı isə 10-15 əhali təbəqəsi ilə də işləmək imkanları mövcuddur. Elə problem ondadır ki, siyasi partiyalar eyni hədəf qrupları, eyni təbəqə və eyni insanlarla ünsiyyət qurmağı sevir.\\Belə görünür ki, hər kəs çalışır ki, on milyon vətəndaşımızı tərəfinə çəksin. Bu isə mümkün deyil və dünyada da indiyə qədər uğur qazanmayıb. Belə hallar inqilablar və ölkənin ərazi bütövlüyünün itirilməsi zamanı - konkret olaraq müharibələr vaxtı mümkündür. Bunun üçün də ölkənin siyasi partiyalarının ciddi məsləhət və məşvərət etməsində fayda görürəm. Hər kəsin güclü olduğu və hər kəsin daha yaxşı işləyə biləcəyi əhali qrupları var. Bunu müzakirə edə və ciddi qərarlar da verə bilərik. Yenə də təkrarlamaq istərdim ki, bunun üçün ciddi və sağlam siyasi qüvvələrin bir yerə toplanmasına ehtiyac var. Biz bu ehtiyacı görür və dost partiya və siyasətçilərlə bu imkanları müzakirə etməyə hazırıq. Bu sadəcə, demək istədiklərimin kiçik bir hissəsidir. Az zaman müddətində böyük yol qət etdik, onlarla təklif və proqramlar hazırlamışıq”.\\Razi Nurullayev bildirib ki, partiyanın ideoloji, nəzəri və əməli dayaqları olacaq alt yapısı üzərində də iş gedir:\\“Partiya tamamən yenilənməkdədir. Çalışacağıq ki, qoyduğumuz fundament elə möhkəm olsun ki, şəxslərə bağlı olaraq üçulub tökülməsin. Biz sağlam siyasi qüvvələrlə əməkdaşlığa və müzakirələrə hazırıq. İstər ölkənin iç siyasəti, istər xarici siyasət, istər də Dağlıq Qarabağ müharibəsinin həllinə töhfədə. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vahid Qərar Şurası da gündəmimizin əsas mövzusudur. Burada iştirak və müzakirə də hər kəsə açıqdır”.